XV əsrdə Azərbaycan ərazisində yeni, müstəqil Qaraqoyunlu və Ağqoyunlu dövlətləri yaranır və nəhəng Səfəvilər dövlətinin yaranması üçün təməl olur. Şirvanşah I İbrahim və Xəlilullah zamanında Şirvan çiçəklənmə dövrünü yaşayırdı. Burada şəhərlər inkişaf edir, ticarət və kustar istehsalı artırdı. Bu dövrdə görkəmli alim, həkim, şair və filosoflar yetişirdi. Bu dövrün mədəni həyatındakı yüksəlişi təsəvvür etmək üçün onlardan bir neçəsinin adını çəkmək kifayətdir: Cahanşah Həqiqi, Xəlili, Ne'mətullah Kişvəri, Şükrulla Şirvani, Əli ül-Əla, Şeyx İbrahim Gülşəni, Qasim Ənvar, Şəms Məqribi, Yusif Miskuri və b. Bu tarixi dövr həm də antiortodoksal, müxalif fəlsəfənin yüksəlişi və sufi fəlsəfənin inkişafı ilə əlamətdardır.
Sufi fəlsəfəsinin görkəmli nümayəndələrindən biri də Seyid Yəhya Bakuvi idi. O, həm də sufi təriqətlərindən olan xəlvətiyyənin banisi idi. Seyid Yəhya Şamaxıda kasıb bir ailədə doğulmuş və 1457-ci ildə Bakıda rəhmətə qovuşmuşdur. O, Şirvanşahlar kompleksində dəfn edilmişdir. Məzarının üzərində məqbərə qurulmuşdur ki, bu abidə də bizim günlərə qədər gəlib çatmışdır.
Alimin bütöv adı belə idi: Seyid Yəhya ibn əs-Seyid Bəha əd-Din əş-Şirvani əş-Şamaxi əl-Bakuvi. Seyid Yəhya gənc yaşlarından xəlvətiyyə təriqətinin Şirvan qoluna başçılıq edən Ərdəbil şeyxi Sədrəddin əl-Xəlvətinin ardıcılı olub.
Belə nəql edirlər ki, sağlam və qədd-qamətli bir gənc olan Seyid Yəhya çövgan oyununa aludə imiş. Elə şeyx Xəlvətinin müridi şeyx Pirzadə də onunla çövgan oynayan zaman tanış olub. Gələcək filosof ona o qədər xoş tə'sir bağışlayır ki, öz qızını da ona ərə verməyə razı olur. Bu gənclə bir qədər yaxınlaşdıqdan sonra şeyx onu özünün müridləri sırasına daxil edir. Şeyx öldükdən sonra Seyid Yəhya bu təriqətin başçısı olmaqa cəhd etsə də, uğur qazana bilmir və Bakıya yola düşür. Bakıda o, məscidə və onun nəzdindəki mədrəsəyə başçılıq edir. Bir müddət sonra onu şirvanşah Xəlilullahın sarayına də'vət edirlər. Seyid Yəhya ömrünün axırına qədər burada çalışaraq, filosof, alim və şahzadələrin tərbiyəçisi kimi fəaliyyət göstərir.
Seyid Yəhya Bakuvi sufizm fəlsəfəsinə dair bütün Şərqdə məşhur olan bir çox əsərlərin müəllifidir. "Əsrar ət-talibin" ("Həqiqət axtaranların sirləri"), "Şərhi-Gülşəni-raz" (""Gülşəni-raz" əsərinə şərh") bunlardandır. Adını sonuncu çəkdiyimiz əsər sufi fəlsəfəsinin məşhur nəzəriyyəçilərindən biri, görkəmli Azərbaycan filosofu Mahmud Şəbüstərinin dahiyanə posmasına şərh kimi qələmə alınıb. Bunlardan başqa Seyid Yəhya Bakuvi tarix və astronomiyaya dair bir sıra əsərlər də yazmışdır.
Onun tə'limi özünə çoxlu ardıcıllar tapmışdır. Sədr əd-Din Ərdəbilinin tələbəsi, məşhur sufi nəzəriyyəçisi Yusif Miskuri bunlar arasında xüsusi qeyd olunmalıdır. O, oğlu şeyx Məhəmməd Əminlə birlikdə Qubada sufi tə'liminin təbliği ilə məşğul olurdu. Bakuvinin müridlərinin ümumi sayı ən müxtəlif ölkələrdən olan on min nəfərə çatırdı. Onun ardıcıllarından çoxusu Yaxın Şərq ölkələrində yaşayırdı.
Abbasqulu ağa Bakıxanov özünün məşhur "Gülüstani-İrəm" əsərində yazırdı: "Bakılı Seyid Yəhya hicri tarixinin VIII əsrində bu yurdun baş ruhani ustadı idi. O, bir çox mübhəm elmlərdə ad çıxarmışdı." Tədqiqatçı Zümrüd Quluzadə isə yazır: "Seyid Yəhya sufi təriqətlərindən olan xəlvətiyyənin başlıca ideoloq və rəhbərlərindən biri idi. Bu təriqətin ardıcıllarının əksər qismi Azərbaycanda, xüsusən də Şirvanda yaşayırdı. Xəlvətiyyə öz köklərini Sührəvərdiyyə təriqətindən götürürdü. Həmin təriqət isə XI-XII əsrlərdə Azərbaycan mütəfəkkiri Əbu-n-Nəcib əs-Sührəvərdi (1097-1168) və onun qohumu, Əbu Həfs Şihab əd-Din Ömər ibn Abdullah Sührəvərdi (1145-1234) tərəfindən yaradılıb, inkişaf etdi-rilmişdi. O da səciyyəvidir ki, təriqətin əsasını qoymuş və ona öz adını vermiş şeyx Əbu Abdullah Xəlvətinin (vəf. 1349 və ya 1397) vəfatından bu yana Bakuviyə qədər xəlvətiyyəyə əxi nümayəndələri (Əxi Məhəm-məd, Əxi İzzəddin və b.) rəhbərlik etmişlər. Bu isə həmin təriqətin sosial mövqeyi barədə müəyyən təsəvvür yaradır." Qədim salnamələrin yazdığına görə, Seyid Yəhya Bakuvi ömrünün sonunda altı ay qida qəbul etmək istəməmiş və ölmüşdür.
|